Dörd pərdəli oynav* (pyes)
İlk dəfə olaraq başından hicabı atıb və şeirlərini toplantılarda oxuyan, qadın haqlarından yana olan, Babi hərəkətinə qatılaraq din üzərinə yeni açıqlamalar edən Tahirə Qurrət-ul Eyn 1852-ci ildə şəriətin əmri üzərinə Tehranda öldürüldü.
Tahirə Qurrət-ul Eyn
Birinci pərdə
Qəzvində Tahirə Qurrət-ul Eyn´in evi. Qadınlar gizlincə toplanmış, yerdə dairə şəklində oturmuşlar. Tahirənin dışında bütün qadınların başı örtülüdür. Tahirə qadınlara xitabən danışır.
Tahirə Qurrət- ul Eyn:
Yüz illər boyunca din adı ilə
Edilmiş bizlərə hər türlü hiylə
Dinlər qadınları saymamış insan
Qadına bir zindan edilmiş cahan
Heç yaşamamalı, sürünməliymiş
Qadın qaranlığa bürünməliymiş
Varlığın verdiyi özəlliklərdən
Utanc duymalıymış gözəlliklərdən
Bizim iradəmiz yox sayılmamalı
Başımız üstündə kişi olmalı
Şəriət qoymuşdur hər türlü yasaq
Bizim iradəmiz üstünə ancaq
Nə azadlıq nə də mutluluq bulduq
Sanki əşya kimi qullanır olduq
Baxırsan keçmişə, aydın qadın yox
Ey qadın, tarixdə sənin adın yox
Gömülmüş ruhumuz qaranlıqlara
Böylə çıxmaq olmaz aydınlıqlara
Qadını bir əşya görən şəriət
Həm də kişilərə zülm edir əlbət
Bizim kişilərin burxulmuş fikri
Yalnız şəriətsə, onların zikri
Nə kişi nə qadın olamaz özgür
Böylə, iradəmiz əsla deyil hür
Sanki nəfsi olan varlıq deyiliz
Məhkum edilmişik köləliyə biz
Şəriət odaqlı qaranlıqlardan
Azad edilməli zavallı insan
Yalnız bu azadlıq yolunda qadın
Qadın kimi ancaq duyursun adın
Yeni bir quruluş uğrunda bizlər
Aydın yarınlara açalım izlər
Qaranlıq bu tarix hər ləhzə, hər an
Ancaq qidalanır qadın qanından
Azadlıq yoxdursa, zindandır cahan
Sökülüb dağılsın bu qara zindan
Deyirəm dostlarım, çətin olsa da
Savaş başladalım biz bu dünyada
Birinci qadın:
Mənim bir sorum var, Tahirə, söylə!
İlk öncə nə yapmaq gərəkir böylə?
İkinci qadın:
Bizim paramız yox, gəlirimiz yox
Başımız üstündə duran kişi çox
Əqrəbamızdakı bütün kişilər
Özəl sahəmizə qolayca girər
Əgər dinləməzsək dövərlər bizi
Üçüncü qadın:
Əvət, xor görərlər iradəmizi
Dördüncü qadın:
Yanlış yapılanmış toplum əzəldən
Nə çıxar, verimsiz çalışmaz əldən?
Əgər işləməyə yoxdursa, imkan
Kölə kimi yaşar qadın hər zaman
Beşinci qadın:
Bu haqqı bizlərə verməz şəriət
Bizim dərimizi soyarlar, əvət
Tahirə uğraşır qorxunc bir işlə
Azad olamayız biz bu gedişlə
Bizi dəstəkləyən kimsə yox bu an
Qorxuram hacıdan, şeyx-ul islamdan
Altıncı qadın:
Əvət, din nə qədər hakim olacaq
Qadın qanı ilə bəslənər ancaq
Nə edə bilərik? Yoxdur çarəmiz
Çağlar boyu məhkum edilmişik biz
Tahirə Qurrət-ul Eyn:
Əvət haqlısınız, çox haqlısınız
Məhkumdur, dünyaya gələn hər bir qız
Ancaq nə etməli? Ömür boyu biz
Qaranlıq bu yolla getməli miyiz?
Bu çirkin tarixi aydınlatmalı
İlk öncə başlardan hicab atmalı
` (Qadınların başından bir hicabı çəkib əlinə alıb işarə edərək)
Bax bu, köləliyin rəmzidir hicab
Bizim ağlımızı eyləmiş xarab
İlk öncə hicaba qarşı çıxmalı
Onu yandırmalı, onu yaxmalı
Söküb atmalıyıq bilincimizdən
Əl çəksin, yox olub getsin də bizdən
Bu qorxunc bəladan qurtarsaq əgər
Sonra iradəmiz hər gün ilərlər
Hicabdan ayrılmaq cəsarət istər
Ey əzilmiş qadın, iradə göstər
Hicablar altında sürünməkdənsə
Şərəfli bir ölüm yaxşıdır məncə
Bəlkə öldürəcək şəriət bizi
Azad ki, edərik həmcinsimizi
Dinin, şəriətin əmrində olmaq
Mütləq köləlikdir, köləlik, ancaq
Bu, bizim köləlik tariximizdi
Bizim ruhumuzu yox edib əzdi
Ruhsuz yaşayışdan sanki nə çıxar?
Bizim etirazda böyük bir ruh var
Ruhsuz yaşayırıq, ruhsuz ölürük
Şəriət qatından həp döyülürük
Mən böylə qərara gəlmişəm kəsin
Azadlıq haqqıdır, haqqı hər kəsin
Əgər olmasa da bir arxadaşım
Mənimlə gedəcək bir can yoldaşım
Bu yolda yalnızca savaşacağam
Yep-yeni aydın bir yol açacağam
Qaranlıq bu tarix devrilməlidir
Qadınlar da azad edilməlidir.
(Qadınlar Tahirənin bu nitqindən sonra başlarından hicabı atarlar və başları açıq şəklidə tahirənin evini tərk edib küçəyə çıxarlar)
pərdə
İkinci pərdə
Qəzvinin baş mollası Şeyx Həsənin evində Mollalar toplanmışlar. Mollaların üzündə təşviş və həyəcan var.
Şeyx Həsən:
Həzərat, yəqin ki, bilmişsinizdir
Bu toplantımızın amacı nədir
Təhlükə altına girmiş dinimiz
Babilər günbəgün artırsa da biz
Heç bir şey etmirik din əldən gedir
Ümmətin içində şübhə yüksəlir
Əgər böylə getsə, qısa zamanda
İslamdan bir əsər qalmaz cahanda
Dinin, şəriətin bəkçisi bizlər
Seyirci qalarsaq gedişə əgər
Allah cəzasını göndərər açıq
Bir ovuc imansız, dinsiz və sapıq
Hicab ayəsini məxluq bilirlər
Allahın sözləri deyil, deyirlər!
Həzərat, bu söyləm yayılsa əgər
Islam təməlindən yox olub gedər
Bizə düşən görəv bu olmalıdır
Bizim iradəmiz duyulmalıdır
Fitnə yerindəcə söndürülməli
Qırılsın yox olsun fitnənin əli
(Şeyx Həsənin sözləri mollaları təşvişə salmış. Mollalar həyəcan içində görünürlər.)
Birinci molla:
Duyduq ki, bu günlər Babi Tahirə
Toplamış bir xeyli qadın bir yerə
Qadın haqlarından söhbət edirmiş!
Hicaba qarşı da sözlər deyirmiş!
İkinci molla:
Allahu əkbər!
Birinci molla:
Deyirmiş Quranda keçən bu ayə
Ərəb kültürünə eylər işarə!
Üçüncü molla:
Deyirmiş, adilsə ulu yaradan
Nədən yazqımıza yazmalı zindan?
Çünkü zindan imiş hicab qadına
Sayqısızlıq imiş qadın adına
Deyirmiş ki, hicab deyilən bu bez
Qadın yaşamından çıxmalıdır tez
Dördüncü molla:
Ya Rəbbim, müsəlman bir ölkədə biz
Nədən bu sözləri eşitməliyiz?
Həzərat, biz əgər səssiz qalarsaq
Dinin təməlləri sökülər ancaq
Bir tədbir alalım, yoxsa bu şeytan
Müsəlman qızları edər pərişan
Beşinci molla:
Görünür çox ciddi bir təhlükə var
Səssiz qalar isək, təhlükə artar
Şəriət yasasın təfsir edəlim
Yardım almaq üçün şaha gedəlim
Əgər bürümüşsə ölkəni günah
Cavab verməlidir nasirəddin şah
Meydan oxuyursa, Babi bir qadın
Durmadan batırmaq lazımdır adın
Şeytan qadınların cəzası bəlli
Daş-qalaq edilib öldürülməli
Bu haqda sünnətdə möhkəm örnək var
Şəriət, sünnəti daim uyqular
Şeyx Həsən:
Həzərat, tək bizim istəyimizə
Şah baxmaz, çox diqqət yetirməz bizə
Nəcəfi-əşrəfdən şeyx-ul islamlar
Təkfir göndərsələr iş yaxşı olar
Bu təkfirnaməylə bir yerdə bizlər
Şahın hüzuruna çıxarsaq əgər
Ölüm fətvasına etiraz etməz
Ölüm fətvasının tərsinə getməz
Mollalar hamısı bir ağızla:
Doğrudur, ən doğru olan budur bu
Qadında olmalı ölüm qorxusu
Yoxsa ki, sarsılar dinin ərkanı
Çökər şəriətin tüm xanimanı
Bizim arxamızda durmuşdur Allah
Allahın kölgəsi Nasirəddin şah
Nəcəfdən də ancaq hökm gəlməlidir
Tahirə daş-qalaq edilməlidir.
Bizim arxamızda durmuşdur Allah
Allahın kölgəsi Nasirəddin şah.
Pərdə
Üçüncü pərdə
Qacar sarayı. Nasirəddin Şah taxtda oturmuş. Şahın hüzurunda başı hicabsız Tahirə Qürrət-ul Eyn və Şeyx Həsənlə üç molla. Nasirəddin Şah üzünü mollalara tutub danışır.
Nasirəddin şah:
Nəcəfdənmi fətva gəlmiş Şeyx Həsən?
Nədəndir bu fətva, gəlmişdir nədən?
Bir qadın hicaba qarşı çıxarsa,
Onu dardan asmaq lazımmı yoxsa?
Örtmürsə, örtməsin varmı saqınca?
Buraxın yaşasın özgür qadınca
Şeyx Həsən:
Aləmlər sultanı ulu şahənşah
Sizə uzun ömür versin də Allah
Sorun yalnız hicab olsaydı hər gah
Bizlər də dözərdik bəlkə də ey şah!
Yanlış təfsirlərdə bulunur ancaq
Babi görüşləri açıqlayaraq
Gətirmişdir qadın islama bidət
Bidət qəbul etməz islam da fəqət
Öylə türlü-türlü təfsirlər olsa
Hər gün bir bidətlə fiqh elmi dolsa
O zaman sarsılar islamda birlik
Zaman keçdikcə də artar gərginlik
Gərgin ortamları sevməz dinimiz
Barış və güvənlik istəyirik biz
Əgər gərgin ortam uzanıb getsə
Dövlət üçün olar ağır təhlükə
Nasirəddin şah:
Necə zərər gəlir dövlətə, söylə!
Şeyx Həsən:
İndi anladacam, şahənşah, böylə...
İdarə olunmaz üsyankar ümmət
Ümmət bir inancda olmalı fəqət
Şiənin özünün təfsirləri var
Bu təfsirsiz, dövlət zərərə uğrar
Nasirəddin şah bu sözləri dinlədikdən sonra bir az fikrə dalar. Daha sonra üzünü Tahirə Qurrət-ul Eynə tutub sonrar.
Nasirəddin şah:
Buyursun Tahirə xanım, söyləsin
Burda öz fikrini bəyan eyləsin
Nədən bu tarixə çıxırsan qarşı?
Açıqla fikrini, anlat da yaxşı
Tahirə Qurrət- Eyn Şahın qarşısında sayqılı bir duruş alır. Başını əyəyib sayqısını göstərərək sözə başlar:
Tahirə Qurrət-ul Eyn:
Böyük şahənşaha salamlar olsun!
Dövləti hər zaman bərqərar olsun!
Möhtərəm şahənşah olsunlar agah
Mən İslam qarşıtı deyiləm ey şah
Yalnız tarixilik bağlamında biz
Gerçəyi doğruca sezə biliriz
Hər din tarixiyət içində doğar
Hər dində bəlirli doğruluqlar var
Şeyx Həsən:
Bəlirli doğruluq?! Allaha pənah
İslamı mütləq haq bilməyir, ey şah!
Nasirəddin şah:
İmkan ver fikrini açıqlasın tam
Tahirə Qurrət- Eyn:
Haşa, mən demədim kötüdür İslam
Öncə bir gerçəyi söyləməm gərək
Mənim qadınlığım əngəlmiş demək
Bilmək istəyirəm, nə üçün, nədən?
Təfsirlərdən məhrum edilmişəm mən?
Nədən yoxmuş haqqım təfsir etməyə?
Kəndi idrakımla bir yol getməyə?
Qaxınc edilməkdə qadınlığım həp
Böylə də dindaşlıq olur mu ya rəb?
Tanrının verdiyi ağıldan ancaq
Qadın olduğum çin, qullanmam yasaq
Öncə baş qaldırdım bu yasaqlara
Mən sayqı duyuram hər tür haqlara
İştə mən ən doğru olsam da bilə
Doğrum gəlməməli qadınsam dilə
Dini təkəlində tutan mollalar
Deyirlər fikrin də cinsiyəti var!
Qadın zəkasına yasaq vurulmuş
Erkək mərkəzli din oluşdurulmuş
Bütün təfsirlərdə bu necə işdir?
Qadın sırf bir əşya göstərilmişdir!
Böylə bir inancı qəbul etmədim
Bunların həpisinə riyadır dedim
Bütün dinlər gərək çağdaşlaşmalı
Əsrin istəyiylə bağdaşlaşmalı
Dəyişməz təfsirlər sayəsində biz
Özgür ruhumuzu əsir etmişiz
Şəriət yasası deyildir mütləq
Mütləqiliklə həp söndürülmüş həq
Şex Həsən və yanındakı üç mollalar bir yerdə:
Dinə, şəriətə asilikdir bu
Qutsal dinimizə qurulmuş qurqu
Böylə yanaşmalar olursa əgər
İnanc əldən gedər, din əldən gedər
Tahirə Qurrət-ul Eyn:
Bu inanc, bu təfsir yüz illərdi bax,
Sizləri feodal etmişdir ancaq
Əsla islam deyil sizin dərdiniz
Yalnız sərmayədir sizin virdiniz
Aclıqdan ölürkən bu səfil ümmət
Şeyx-ul islamların süfrəsində ət
Zülmün aracına dönüşmüşdür din
Ey şah, lütfən çıxıb bir az seyr edin!
Görün bu ölkədə nələr var, nələr
Riya içindədir ölkə sərasər
Bir yanda acından ölən adamlar
Bir yanda da zəngin şeyx-ul islamlar
Siyasətlə özdeş olursa iman
Qaranlıq günlərdə yaşayar insan
İkinci molla:
Bu, Mənsur Həllacın səfsətəsidir
Qadın simasında onun səsidir
Öldürülməsəydi Həllac da əgər
İndi şəriətdən qalmazdı əsər
Tahirə Qurrət-ul Eyn:
Bu eşqin səsidir, haqqın fəryadı
Bütün çağlar boyu duyulmuş adı
Nə qədər çalışıb söndürsəniz də
Eşqin qığılcımı sönmədi bizdə
Yüksəldi bu yolda Nəsimi, Həllac
Onlar olmadılar yalana arac
Bilirəm bu yola girən ərənlər
Həp dar ağacında vermişdilər sər
Sormaq istəyirəm böyük Sultandan
Mənə cavab verin lütfən, ey Xaqan!
Əgər izn varsa bir qadın kimi
Anlatmaq istərdim görüşlərimi
Nasirəddin şah:
Siz bir qadın kimi, anlatın lütfən!
Sizi çox diqqətlə dinləyəcəm mən
Tahirə Qurrət-ul Eyn:
Oxudum tarixin mən harasından
Gördüm qaranlıqda yaşamış insan
Harda bir aydınlıq olmuşsa əyan
Dinin qəzəbinə tuş olmuş o an
Dini hörütlərin** izahatları
Söndürüb yox etmiş çox həyatları
Düşüncə həyatı durdurulmuşdu
Qorxunc və qaranlıq dünya oluşdu
Hər hansı təfsirə baxsanız əgər
Insanı yalnızca qul etmək istər
Deyil bu təfsirlər insan mehvərli
Ancaq əsarətdən söylər təməlli
Böylə bir qərara gəldim iştə mən
Dini çoğulçuluq olmalı həmən
İnsan gündən günə həp yüksəlməli
Kəndi tanrısını kəndi bilməli
Təməldən yanlışdır böylə bir yorum
Şeyx-ul islamçılıq adında qurum
Olmamış İslamda böylə quruluş
Islam qarşıtıdır bu yanlış buluş
Tarix öz içində burxulmuş indi
Bir çox səbəbi var, biri də dindi
Bütün varlqıları yaradan Allah
İnsana ixtiyar vermişdir ey Şah!
Dini seçim haqqı olmazsa əgər
Daim qaranlıqda yaşayar bəşər
Bu üzdən şəriət yasalarından
Uzaq gəzməlidir çağdaş bir insan
Məni hansı hüquq yöntəmləriylə
(Üzünü Şeyx Həsənə tutaraq)
Öldürmək istəyir mollalar, söylə!
Şeyx Həsən:
Şəriət qanunu əsasında biz
Sən şeytan qadını öldürməliyiz
Tahirə Qurrət-ul Eyn:
Niyə öldürürsüz günahım nədir?
Üçüncü molla:
Ən böyük günahın pis niyyətindir
Şübhə yaradırsan ümmətimizdə
Heç türlü şübhəyə yol yoxdu bizdə
Dini hörütlərdə təfsirin xəta
Xəta qəbul etməz dinimiz əsla
Tahirə Qurrət-ul Eyn:
Çox əski bir mətni anlamaq için
Açıqlamaq gərək o mətnin için
Əskiylə yeninin dialoqundan
Yoğrulan doğrunu dərk edər insan
Əskiylə ussalca ilətişimdən
Yana olmuşumdur bilincimdə mən
Yoxsa ki, əskilik vermədən məcal
İndiki zamanı edəcək işğal
Əski söyləmlərə bərk-bərk sarılmaq
İnsanın ağlını kor edər ancaq
Nə əski zamanlar nə də ki, indi
Kor olmuş ağılla anlaşılmaz ki
Doğrunu anlama təqlidlə olmaz
Təqlid, yetişdirir bir sürü aymaz
Bütün zamanların kitabı deyə
Bir kitab göndərməz Tanrı bəndiyə
Sünnət nə imandır, nə də ki, dindir
İnsan zəkasını boğmaq içindir
Dəyişməz gələnək, ağlı söndürür
Hər çağın özlüyü ona özgüdür
Çağlar arasında ilişki qurmaq
Yalnız ağıl ilə mümkündür ancaq
Ağlın da qaynağı Tanrıysa əgər
Nədən qullanılmaz olmuş bu əsər?
Mənim söylədiyim bu ağıl ki, var
Varlığı tümüylə içinə alar
Varlığın doğası ağıldır yalnız
Nədən bu varlığa siz qarşısınız?
Sizin düşüncəniz böylədir iştə
Ağıl olmamalı heç bir girişdə
Gərəksiz varlıqsa bu ağıl böylə
Heyvan yaranmadıq biz nədən? Söylə!
İnancla ağılı düşmən eyləmək
İnsan şərəfinə deyildir gərək
İnanc yoxsundursa ağıldan əgər
Onun daxilinə qaranlıq çökər
İnancla ağılın özdeşliyindən
Yaxşı alqılanar bu sonsuz evrən
Şeyx Həsən:
Böyük sultanımız, bütün bu sözlər
Şeytan sözləridir, eyləmiş əzbər
Vəhdəti—kəlam var ümmətimizdə
Vəhdət bəkçisiyik sultanım, biz də
Girmiş bu qadının ruhuna şeytan
Şeytanı susdurmaq gərəkdir, Sultan
Hər kəs susar. Nasirəddin şah səssizcə fikrə dalar. Qısa susquluqdan sonra Nasirəddin şah sözə başlar.
Nasirəddin şah:
Şeyxlər, siz gedin görək nə olur
Daha sonra sizə xəbər duyrulur
Mollalar Nasirəddin Şahın önündə əyilib təzim edərlər. Mollalar çıxdıqdan sonra Nasirəddin Şah bir az susqunca qalar. Daha sonra taxtdan enib Tahirənin önündə əlləri arxada addımlar. Bir az düşündükdən sonra sözə başlar.
Nasirəddin Şah:
Hörmətli Tahirə xanım, mən sizi
Yaxşıca dinlədim hər fikrinizi
Ölkəmdə siz kimi bir qadın için
Qürur duymaqdayım mən için-için
Səni öldürəcək şeyx-ul islamlar
(öz-özünə sorar:)
Burda ölüm üçün bir günahmı var?
(Bir az susub davam edər)
Bunun önlənməsi çətindir, əvət
Yaxşı bir durumda deyil məmləkət
Mollalar yaymışlar xəbər hər yerə
Edam ediləcək kafir Tahirə
Sənin ölmən üçün bütün toplumda
Hazırlıq yapmışlar Tehranda, Qumda
Bu fətvanı qəbul etməsəm əgər
Mollalar ölkəmdə qiyam edələr
Söylərlər bəlkə də kafir olmuş şah
Kafir bir qadına vermişsə pənah
Nələr dedinizsə, hamısı doğru
Bir çox din xadimi xırsız və oğru
Onların arxası güclüdür çünkü
Şəriət qonusu deyil bu günkü
Toplumun məzhəbi hissiyyatını
Dini duyqusunu, din həyatını
Onlar yönləndirir, güc onlardadı
Onların önünü kəsən olmadı
Şeyxin əmrindədir bu sürü aymaz
Ümmət çox cahildir, cahil və yobaz
Bir fətva uğruna bu cahil ümmət
Qalxar inqilaba, batar məmləkət
Bu üzdən nə yapa bilərəm ki, mən?
Nələr gələ bilər mənim əlimdən?
Tahirə Qorrət-ul Eyn:
Böyük sultanımız çox üzülməsin
Mənim ölümümü dəhşət bilməsin
Mən ruhən ölümə hazıram artıq
Mənə yaşam haqqı verməz qaranlıq
Önəmli budur ki, gələcəklərə
Aydın bir yol açmış oldu Tahirə
Mənim ölümümlə son bulmaz bu yol
Nasirəddin Şah:
Əgər bu fətvaya çəkməsəm də qol
Yenə də onların önü kəsilməz
Bunu artıq kimsə önləyə bilməz
Bir yol var, onu da qəbul etsəniz
Tahirə Qurrət-u Eyn:
Nə imiş Sultanım, söyləyiniz Siz!
Nasirəddin Şah:
Ölkə sultanının eşi olsanız
Böylə olur fətva keçərsiz, yalnız
Bu haqda yaxşıca düşünün lütfən!
Böylə qurtulursan ancaq ölümdən
Mənimlə birlikdə yaşamasan da
Həyatın boşuna verilməz bada
Şeyx-ul İslamlardan qurtuluş budur
Başqa bir seçənək ortada yoxdur
Tahirə Qurrət-ul Eyn:
Ulu padişaha sonsuz sayqılar
Böyük ürəyiniz, niyyətiniz var
Zaati-alinizin bu sözlərindən
Çox böyük özgüvən hiss edirəm mən
Köşkün köşəsində hüzünlü yaşam
Mənim amacımla uyuşmaz tamam
Çəkinmək istəməm öz savaşımdan
Çəkinsəm içimi yandırar vicdan
Vicdan sezgisiylə yaşamışam mən
Ayrılmaq istəməm sezgilərimdən
Mənim sezgilərim ruhumla özdeş
Sezgi dünyasına bulunmaz bir eş
(Nasirəddin Şah çox kədərli bir hal içində Tahirənin önündə diz çöküb əlindən öpər.)
pərdə
Dördüncü pərdə
Üç molla Tahirəni bəyaz paltarda bir quyunun kənarında tutmuşlar. Tahirənin uzun saçları pərişanca dağınıqıdr.
Birinci molla (qabaca):
Bax bir şeytan qadın, bu quyuya bax
Bu qaranlıq quyu qəbrin olacaq
(Tahirə quyuya baxar)
İkinci molla:
Şeyx Həsən buyurdu, öldürülmədən
Buraxın danışsın iblisliyindən
Üçüncü molla:
Üç-dörd dəqiqəlik yaşamın qalmış
Könlün nə istərsə, ey iblis danış!
Tahirə yavaş addımlarla səhnənin tam önünə gələr. Yavaş- yavaş başını qaldırıb çevrəyə baxar. Gözləri yumulu olaraq öncə pıçıltı şəklində öz-özünə danışar. Daha sonra yavaş- yavaş səsi yüksəlməyə başlar
Tahirə Qurrət-ul Eyn:
Ey eşq, gəldin mənim köksümə doldun
Gəldin də həyatım və ruhum oldun
İçimi işıqla doluşdurdun sən
Qaranlıqla nasıl barışardım mən?
İçimdəki dünya, tam bir aydınlıq
Dışımda beyinlər mütləq qaranlıq
Məni öldürəcək qaranlıq başlar
(Barmağı ilə mollalara işarə edərək)
Şəriət bəkçisi bu leş əyyaşlar
Ölüm hər insanın yazqısı, doğru
Çevrəmi sarmışkən qatil və oğru
Səssiz bir yaşamı seçəməzdim mən
Öz ölüm şəklimi seçdim bu üzdən
Ölüm qaçınılmaz, bir çarəsi yox
Ancaq necə ölmək önəmlidir çox
İtaət zülmünün altında hər gün
Yaşamaq, kəndisi bir türlü sürgün
Sürgün yaşamını sevməz ərmişlər
Eşq üçün varlığa göndərilmişlər
Ey sonsuz uzaylar bağrında günəş
Yüksəlib oldum da mən sənə özdəş
Sönməz, doğruluğun günəşi sönməz
Varlıqlar devinər*** yolundan dönməz
Mən nasıl dönərim sevgi yolundan?
Ülkü amaacından, sezgi yolundan?
Ey qorxu, uzaqlaş, məndən uzaqlaş
Mən öz düşüncəmlə olmuşam yoldaş
Bütün basqılara sinə gərərək
Mutlu ölməyi də başarmaq gərək
Öz haqqı yolunda ölsə də qadın
Qalxıb almalıdır öz doğru haqqın
Əbədi köləlik duyqularından
Uzaq durmalıdır sürəkli insan
Qadın da insandır deyildir əşya
Kəndi hüququnu etməli ehya****
Özgürlük duyqusu, nə mutlu duyqu
Öylə bir sevgi ki, anlatılmaz bu
Yüksəlib özgürlük zirvələrindən
Aydın yarınlara qatılıram mən
(Əllərini göylərə açaraq, gözləri ilə göydə bəlirsiz bir nöqtəyə baxaraq)
Ancaq sən, diqqət et, sən ey yaradan
Gör nələr eyləyir insana insan
Dinin qatillərin əlində arac
Qaranlıq dünyaya bir aydınlıq aç
Birinci molla (sinirli):
Yetər! daha artıq, bu şeytan qadın
` Ağzına almasın Allahın adın
İkinci və üçüncü molla Tahirənin əllərindən tutub quyuya sarı sürüklərlər. Birinci molla əlindəki ipi Tahirənin boğazına keçirər. Tahirənin boğazına ip salıb, əlini-qolunu iplə sarıyıb quyuya sallarlar. Quyunun dibinə əllərindəki daşları atarlar. Daha sonra səhnənin önünə gəlib əllərini göyə açaraq dua edərlər.
Üç molla bir səslə:
Sənə sığınırıq, ey böyük Allah
Sənsən bu dünyada möminə pənah
Biz sənin əmrinlə durub- oturduq
Çalışdıq əmrini xalqa duyurduq
Sən öz kitabında böylə demişdin
Möminlərə zəfər və´d eyləmişdin
Şeytan üzərinə qazandıq zəfər
Ey Allah bizlərə mərhəmət göstər!
Alınlarını yerə yapışdırıb səcdəyə düşərlər
Bu zaman uzaylardan Tahirənin səsi pışıltı şəklində eşidilər:
Azadlıq, ey qutsal, ey ulu varlıq
Sən var ol, sən yaşa, var ol azadlıq!
Pərdə
Son
02.09.2010 Finlandiya

0 yorum:
Yorum Gönder